Rusiyanın Ukraynaya təcavüzü vahid cavabla qarşılanır [fr]

Bir aydan bir az artıq müddət əvvəl Rusiya Ukraynanı işğal etdi. O vaxtdan bəri, Rusiyanın səfərbər etdiyi böyük qüvvələrə baxmayaraq, Ukrayna cəsarətlə müqavimət göstərir. Rusiya silahlı qüvvələri Mariupolu mühasirəyə alaraq şəhərin dinc əhalisini sözün əsl mənasında aclıqdan öldürür. Lakin Ukrayna boyun əymir və suveren və müstəqil dövlət kimi mövcudluğu uğrunda mübarizə aparır.

Ukraynanın rus xalqının bir parçası olduğunu iddia edən Moskva 30 il əvvəl Rusiya və Sovet İttifaqından müstəqillik əldə etmiş bütün ölkələrdə mütləq mənada güclü rezonans doğuran və heç bir səbəbi olmadan müharibəyə başladı. 2008-ci ildə Gürcüstana qarşı müharibədən, 2014-cü ildə Krımın ilhaqından və Donbasdakı işğaldan sonra Rusiyanın hərbi əməliyyatlar vasitəsilə sərhədləri yenidən müəyyənləşdirmək cəhdləri artıq tanış bir hala çevrilib. Əslində, biz Rusiyanın imperiya arzularının yenidən dirçəldiyinin şahidi oluruq ki, bu da yalnız Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini narahat edə bilər.

Moskva açıq-aydın gözləyirdi ki, Ukrayna döyüşə girmədən onun hökmranlığını qəbul etsin («Нравится, не нравится - терпи, моя красавица»), lakin yanıldığı sübuta yetirildi. Eyni zamanda, Moskva Aİ və Qərbin kollektiv şəkildə sürətli, qətiyyətli, güc və birlik ilə reaksiya verəcəyini gözləmirdi. Rusiya öz gücünü həddən artıq gözündə böyütdü və beynəlxalq hüququ müdafiə edən və azad xalqlara qarşı güc tətbiqinə qarşı çıxan ölkələrin qətiyyətini lazımi səviyyədə qiymətləndirmədi.

Beynəlxalq sanksiyaların təsiri onun iqtisadiyyatını getdikcə çökdürdükcə, şübhəsiz ki, Rusiya Ukraynaya təcavüzün bədəlini yüksək səviyyədə ödəyəcək. Buna heç bir şübhə olmamalıdır: iqtisadi sanksiyalar çox güclü vasitə ola bilər. Böhran həll olunana qədər onlar amansızcasına artacaq və onların icrasına ciddi və qlobal səviyyədə nəzarət ediləcək.

Fransa və Azərbaycan münaqişənin başlanğıcından ən yüksək səviyyədə sıx təmasda olublar. Hər iki ölkə Ukraynaya tibbi və humanitar yardım göstərib. Azərbaycanın atəşkəsə nail olmaq və müharibəyə son qoymaq səyləri yüksək qiymətləndirilir. Birlikdə və Aİ ilə birgə daha çox işlər görülə bilər.

1991-ci ildə ölkə öz müstəqilliyini bərpa etdikdən sonra Fransanın Azərbaycan Respublikasındakı doqquzuncu səfiri kimi mən əminəm ki, Rusiyanın apardığı bu müharibə Azərbaycanın güclü və müstəqil xarici siyasət yürütməsinin, beynəlxalq hüquqa hörmət edən bütün tərəfdaşlarla, o cümlədən Avropa İttifaqı ilə sıx əməkdaşlıq etməsinin vacibliyini xatırladacaq.

Mən Ukraynada müharibənin dayandırılacağına ümid etdiyim kimi, Cənubi Qafqazda da sülhün bərpa olunmasını arzulayıram və əminəm ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının lehinə olan dinamika davam etdirilməli və dəstəklənməlidir. Hər iki ölkənin bundan çox şey qazanacağına şübhə yoxdur.

Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qross

JPEG

publié le 25/03/2022

haut de la page